Dizartriya – sinir sisteminin orqanik patologiyası nəticəsində yaranan, tələffüzün çətinləşməsi, sözlərin və ya ayrı-ayrı səslərin təhrif olunması ilə xarakterizə olunan nitq pozğunluğudur.
Yayımlanma tarixi:
Xəstəlik haqqında
Bu patologiya əsasən uşaqlarda müşahidə olunur, onlarda bu anadangəlmə problemlərlə şərtlənir. Yetkin yaşda nitq pozğunluqları, adətən, baş beynin qazanılmış xəstəliklərinin nəticəsi olur.
Dizartriya loqopediya sahəsində ən geniş yayılmış pozğunluqlardan biridir. O, yalnız mütəxəssisə nəzərə çarpa bilər və ya pasiyentin nitqinin ətrafdakılar üçün tamamilə anlaşılmaz olduğu dərəcəyə çata bilər. Bu vəziyyətdə artikulyasiya və ya fonasiya, nitq tənəffüsü, intonasiya, nitqin ritmi və tempi zədələnə bilər.
Səbəbləri

Yetkinlərdə dizartriyanın səbəbi ola bilər:
- Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri (meningit, ensefalit, neyrosifilis);
- Ağır kəllə-beyin travmaları;
- Beyin qan dövranının kəskin pozğunluqları (işemik, hemorragik insultlar);
- Beyin qan dövranının xroniki pozğunluqları;
- Kəllədaxili yenitörəmələr;
- Dağınıq skleroz;
- Parkinson xəstəliyi;
- Autoimmun proseslər;
- Miasteniya;
- Yandan amiotrofik skleroz;
- Toksik maddələrlə (o cümlədən spirtlə, narkotiklərlə) beynin zədələnməsi;
- Kəllədaxili əməliyyatlar.
Təsnifat

Nitq analizatorunun zədələnmə səviyyəsindən asılı olaraq dizartriyanın aşağıdakı formaları (növləri, tipləri) fərqləndirilir:
- Bulbar (uzunsov beyində yerləşən nüvələrin zədələnməsi nəticəsində yaranır);
- Psevdobulbar (qabıqdan kəllə-beyin sinirlərinin nüvələrinə impuls daşıyan sinir liflərinin zədələnməsi ilə əlaqədardır);
- Subkortikal və ya ekstrapiramidal (beynin subkortikal nüvələrinin patologiyası nəticəsində yaranır);
- Serebellar (beyincəyin və onun keçirici yollarının xəstəlikləri zamanı inkişaf edir);
- Kortikal (zədələnmə ocağı baş beynin böyük yarımkürələrinin qabığında yerləşir).
İnsanın nitqinin ətrafdakılar üçün nə dərəcədə anlaşılan olmasından asılı olaraq, loqopediya sahəsində dizartriyanın ağırlıq dərəcəsinin 4 pilləsi fərqləndirilir:
- I (silinmiş) – nitqdəki dəyişiklik yalnız loqopedə nəzərə çarpır, müayinə zamanı aşkarlanır;
- II (yüngül dərəcəli dizartriya) – ümumilikdə pasiyentin nitqi ətrafdakılar üçün anlaşılandır, lakin ayrı-ayrı səslərin, hecaların tələffüzündə bəzi qüsurlar müəyyən edilir;
- III (orta dərəcəli dizartriya) – pasiyentin nitqini yalnız ailə üzvləri və onunla daim təmasda olan digər insanlar anlayır, kənar şəxslər deyilənin mənasını dərk etmirlər;
- IV (ağır dərəcəli dizartriya) – deyilənin mənası hətta pasiyentin yaxın ətrafı üçün də anlaşılmaz olur və ya nitq tamamilə olmur.
Klinik mənzərə

Nitq pozğunluqlarının klinik təzahürləri müxtəlifdir, sinir sisteminin zədələnmə səviyyəsindən asılıdır, belə pozğunluqlarla şərtlənir:
- Artikulyasiyaya cavabdeh əzələlərin hiper- və ya hipotonusu;
- Üz və boyun əzələlərinin spazmı;
- Dilin motor funksiyasının pozulması;
- Həddindən artıq tüpürcək ifrazı, ağız suyu axması;
- Dodaqların natamam və ya həddindən artıq qapanması;
- Nitqin fasiləsizliyinə təsir edən tənəffüs pozğunluqları.
Belə pasiyentlərin nitqi anlaşılmaz, qeyri-dəqiq, pozulmuş, ətrafdakılar üçün az anlaşılandır.
Silinmiş xəstəlik ayrı-ayrı səslərin tələffüzündə qüsurların olması ilə xarakterizə olunur. Klinik cəhətdən aşkar formalar müəyyən səslərin təhrif olunması, əvəz edilməsi və ya buraxılması, nitqin ləngiməsi, ifadəliliyinin azalması, anlaşılmazlığı ilə müşayiət olunur.
Nitq əzələlərinin dənervasiyası nəticəsində dizartriyada tənəffüs pozulur – səslərin tələffüzü zamanı o, fasiləli, tezləşmiş olur, ekshalasiya qısalır, nitq isə monoton, skandirovka edilmiş olur.
Belə pasiyentlərin səsi zəif, alçaq, bəzən – «burundan gələn» olur, səs modulyasiyaları ifadə olunmur və ya yoxdur.
Bulbar tipli problem olan pasiyentlərdə nitq anlaşılmazdır, səs kar, alçaqdır, nitq tənəffüsü nəzərəçarpacaq dərəcədə pozulur. Üzün müəyyən asimmetriyası, gözləri bərk yummaq və qaşları burun körpüsünə doğru yaxınlaşdırmağa cəhd zamanı çətinliklər müşahidə olunur. Proses proqressivləşdikdə udma pozulur – maye və qida burun boşluğuna düşür. Başgicəllənmə, baş ağrısı, ürəkbulanma hissi, ifadə olunmuş ümumi zəiflik yaranır.
Psevdobulbar formada nitq ləng, qırıq-qırıq olur. Sibilant səsləri və bəzi saitləri tələffüz etmək çətindir. Dodaq əzələlərinin tonusu azalır, buna görə onlar sıx bağlanmır – ağız künclərindən ağız suyu axır.
Ekstrapiramidal dizartriya bəzən sürətli, bəzən isə yavaş nitqlə, hecaları, sözləri, ifadələri təkrarlama ilə xarakterizə olunur. Pasiyentin ağzı yarıaçıq olur, ondan tüpürcək axır. Üz və artikulyasiya əzələlərinin qeyri-iradi güclü hərəkətləri – hiperkinezlər müşahidə olunur, bunlar sakitlik vəziyyətində əmələ gəlir və danışmağa cəhd zamanı güclənir.
Serebellar formalı patologiyada nitq axıcılığını itirir, ləngiyir, aritmik, anlaşılmaz olur, vurğular itir. Dilin titrəməsi, skandirovka, ayrı-ayrı qeyri-iradi qışqırıqlar müəyyən edilir. Nitq pozğunluqları hərəkət pozğunluqları ilə müşayiət olunur – tarazlığın pozulması, titrək, qeyri-müəyyən yeriş, hərəkətlərdə yöndəmsizlik.
Kortikal dizartriyanın əsas simptomu samit səslərin tələffüzündə çətinliklə birləşən səsin burunvari olmasıdır. Nitq yavaş, uzadılmış olur.
Oxşar əlamətlər aşkar etmisinizsə, nə etməli?
-
Özünüzü müalicə etməyin
Özbaşına müalicə sağlamlıq üçün təhlükəlidir. Dəqiq diaqnoz olmadan müalicəyə başlamaqla vaxt itirə və yanlış yol seçə bilərsiniz.
-
Mütləq həkimə müraciət edin
Yalnız ixtisaslı həkim dəqiq diaqnoz qoya və düzgün müalicə təyin edə bilər. Hansı mütəxəssisə getməli olduğunuzu bilmirsinizsə, terapevtə yazılın — o, sizi lazımi həkimə yönləndirəcək.
-
Müalicəni təxirə salmayın
İlk əlamətlər yaranan kimi başlanmış müalicə daha effektiv olur və ağırlaşmaların qarşısını almağa kömək edir.
-
Bizə müraciət edin — mütləq kömək edəcəyik
*1103
Diaqnostika

Dizartriya əlamətlərinin verifikasiyası, diaqnozu dəqiqləşdirmək üçün əlavə müayinə, bu patologiyanın müalicəsi – nevropatoloq və loqopedin vəzifəsidir.
Nevropatoloq şikayətləri dinləyəcək, anamnez toplayacaq (nitq pozğunluqlarının nə vaxtdan, hansı şəraitdə yarandığını aydınlaşdıracaq, yanaşı xəstəlikləri və irsiyyət haqqında məlumatı dəqiqləşdirəcək). Daha sonra obyektiv müayinə aparacaq – refleksləri, nistagmi, ocaqlı simptomatikanın olub-olmamasını müəyyən edəcək. Əldə edilən məlumatlar əsasında ilkin diaqnoz qoyacaq və dizartriyaya səbəb olmuş üzvi patologiyanı təsdiqləməyə imkan verən əlavə müayinə təyin edəcək. Ən dəyərli məlumatı verəcək:
- Infeksiyalara görə qan və/və ya beyin-omurilik mayesinin analizi;
- Elektroensefaloqrafiya;
- Elektroneyromioqrafiya;
- Transkranial maqnit stimulyasiya;
- Baş beynin maqnit-rezonans tomoqrafiyası.
Loqoped tərəfindən qiymətləndiriləcək:
- Artikulyasiya aparatının vəziyyəti;
- Artikulyasiya zamanı hərəkətlərin həcmi;
- Tənəffüsün xüsusiyyətləri;
- Üz və nitq əzələlərinin vəziyyəti;
- Səs tələffüzü, ritm, sürət, nitqin aydınlığı;
- Mətni köçürmək, onu diktə ilə yazmaq, oxumaq, oxunanı anlamaq bacarığı.
Əldə edilmiş məlumatlar əsasında mütəxəssis həmin pasiyentdə nitq patologiyasının xüsusiyyətləri barədə nəticə çıxaracaq, bu vəziyyətin səbəbini ehtimal edəcək, mövcud pozğunluqların korreksiyası üçün tədbirlər planını müəyyən edəcək.
Diaqnozu dəqiqləşdirmək üçün pasiyentə həmçinin otolarinqoloq, oftalmoloq, psixiatr-psixoterapevt və digər sahələrin mütəxəssislərinin konsultasiyaları tövsiyə oluna bilər.
Müalicə

Yetkinlərdə dizartriya əsas sinir sistemi xəstəliyinin eyni zamanda kompensasiyasına, onun nəticələrinin müalicəsinə, nitq pozğunluqlarının korreksiyasına yönəlmiş kompleks müalicə tələb edir.
Dərman terapiyası antibiotiklər, neyroprotektorlar, sidikqovucular, hormonal, sakitləşdirici, anksiolitik vasitələr, digər qruplardan olan preparatları əhatə edə bilər.
Nitq pozğunluqlarının korreksiyası üçün istifadə olunur:
- Artikulyasiya gimnastikası;
- Loqopedik masaj;
- Müalicəvi bədən tərbiyəsi;
- Rahatlaşdırıcı vannalar;
- Nəfəs gimnastikası;
- Düzgün səs tələffüzünün öyrədilməsi üsulları;
- Nitqin ifadəliliyinin korreksiyası;
- Oxu və yazı vərdişlərinin bərpası.
Bu patologiyanın müalicəsi həmişə uzunmüddətli, mürəkkəbdir, səbir və xəstənin loqopedin bütün tövsiyələrini vicdanla yerinə yetirməsini tələb edir.
Reabilitasiya
Beynin üzvi patologiyası ilə törənən dizartriyalı xəstələrin reabilitasiya tədbirlərinə itirilmiş funksiyaların bərpasına və sinir toxumasındakı pozğunluqların korreksiyasına yönəlmiş fizioterapevtik prosedurlar, müalicəvi bədən tərbiyəsi, sanator-kurort müalicəsi, psixoterapiya daxildir.
Profilaktika

Yetkin yaşda nitq patologiyasının ehtimalını azaltmağa xəstənin öz sağlamlığına diqqətli münasibəti, dizartriyanın əsasında dayana bilən sinir sistemi xəstəliklərinin profilaktikası kömək edəcək:
- Qanda xolesterinin, arterial təzyiq göstəricilərinin nəzarətdə saxlanılması, bu göstəricilərin vaxtında və keyfiyyətli korreksiyası;
- Istənilən lokalizasiyalı infeksion xəstəliklərin vaxtında müalicəsi;
- Zərərli vərdişlərdən imtina (siqaret çəkmə, alkoqol, narkotik vasitələrdən istifadə);
- Əmək və istirahət rejiminə riayət edilməsi;
- Aktiv həyat tərzi;
- Tam dəyərli gecə yuxusu;
- Stresslərin minimuma endirilməsi;
- Rasional, balanslaşdırılmış qidalanma.
Yadda saxla!
Yetkinlərdə dizartriya çox vaxt kəllə-beyin travmalarının, geniş insultların nəticəsi olur, uzunmüddətli komadan sonra müşahidə edilir. Nitqin pasiyentə qayıdıb-qayıtmayacağına birmənalı cavab vermək mümkün deyil – bu, həmin patologiyaya səbəb olmuş vəziyyətlərin geriyə dönənliyindən asılıdır. Hər halda pasiyent ümidini itirməməli, bütün mümkün səylərini bu vəziyyətlə mübarizəyə yönəltməlidir.
Bu gün dizartriyanın korreksiyası üçün çoxlu metodlar mövcuddur, onları kompleks şəkildə, mümkünsə – dərman müalicəsi ilə birləşdirərək istifadə etmək vacibdir. Məhz sizin vəziyyətiniz üçün effektiv terapiya sxemini klinik vəziyyətin xüsusiyyətlərini bilən nevropatoloq və loqoped təklif edəcək. Onların tövsiyələrinə əməl etməklə siz özünüzə sağalma şansı verəcəksiniz.
Əlaqəli Xəstəliklər
- Açıq oval pəncərə
- Afaziya
- Alkoqol polinevropatiyası
- Alsheymer xəstəliyi
- Amneziya
- Aqnoziya
- Ataksiya
- Baş beyin kistası
- Bayılma (sinkop)
- Bel osteoxondrozu
- Bel-kürək əzələlərinin mioziti
- Beyin damarlarının anevrizması
- Beyin damarlarının aterosklerozu
- Beyin qan dövranının xroniki çatışmazlığı
- Beyin silkələnməsi
Suallar və cavablar
Nitq dəyişikliklərinin korreksiyası ilə loqoped məşğul olur, buna səbəb olan xəstəliyin müalicəsi ilə isə nevropatoloq.
Bu, həmin vəziyyətin səbəblərindən və pasiyentin səylərindən asılıdır. Bəzən nitq tam bərpa olunur, bəzən isə onun pozğunluqları ömür boyu saxlanılır.
Mövzu üzrə məqalələr
Epilepsiya ilə hamiləlik: dərmanı dayandırmadan təhlükəsiz plan qurmaq
Epilepsiyası olan bir çox qadında hamiləlik uğurla davam edə bilər. Bunun üçün tutmaların nəzarəti və dərmanların hamiləliyə uyğunluğu…
İstiqamət: Nevrologiya / Ginekologiya
Dağınıq skleroz nədir: xəstəlik, onun səbəbləri və təzahürləri barədə sadə dillə
Dağınıq skleroz (DS) – autoimmun mənşəli xroniki xəstəlikdir; bu zaman immun sistemi sinir sistemini yad kimi qəbul edir…
İstiqamət: Nevrologiya
Başgicəllənmə
Başgicəllənmə. İnsana ətrafındakı əşyaların və (ya) öz bədəninin müəyyən istiqamətə hərəkət etdiyi və ya fırlandığı təsəvvürünü yaradan vəziyyət…
İstiqamət: Nevrologiya
İnsult öncəsi vəziyyət (mini-insult)
İnsult öncəsi vəziyyət — beyin qan dövranının müvəqqəti pozğunluqları kompleksidir və o, əsl insultun inkişafı riskinin yüksək olduğunu…
İstiqamət: Nevrologiya
Konsultasiya alın
Bu əlamətləri özünüzdə görürsünüzsə, həkimə müraciət etməyi təxirə salmayın. Vaxtında konsultasiya ağırlaşmaların qarşısını almağa kömək edir.
Ətraflı məlumat almaq və qəbula yazılmaq üçün bizə zəng edin:

